Çərşənbə axşamı, 28 Aprel 2020 06:26

Onlayn B2B İCT Forum - 28.04.2020

Caspian European Club Elmir Vəlizadənin iştirakı ilə onlayn B2B İCT forum təşkil edib

Caspian European Club Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadənin iştirakı ilə onlayn B2B ICT forum keçirib. Forum çərçivəsində COVİD-19 koronavirus pandemiyası dövründə İKT şirkətlərinin üzləşdikləri problem və təklifləri müzakirə olunub.

Bu barədə Caspian European Club və Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Üç saat davam edən onlayn B2B İCT forum çərçivəsində diskussiyaya Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Elektron xidmətlərin təşkili üzrə departamentin rəhbəri Rəşad İbrahimov, həmçinin iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də qoşulublar.

Elmir Vəlizadə öz çıxışı zamanı nazirliyin sahələrin inkişafına xidmət etməli olan konstruktiv dialoqa və açıq əməkdaşlığa hazırlığını vurğulayıb. O həmçinin yerli şirkətlərin dövlət qurumlarının keçirtdikləri tenderlərdə iştirakının zəruriliyini qeyd edib ki, bu da öz növbəsində yerli şirkətlərin rəqabətədavamlı İT məhsullarına ciddi dəstəyin göstərilməsinə gətirib çıxara bilər. “Mövcud situasiyada daha mühüm məsələ hazırkı kadr potensialını qoruyub saxlamaqdan və yeni nəsil proqramçıların, rabitəçilərin və digər İKT sektoru təmsilçilərinin yetişdirilməsi üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Yerli məzmun təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, İKT sektorunun formalaşdırılmasında da mühüm rol oynayır”, - deyə Elmir Vəlizadə bildirib.

Elmir Vəlizadə həmçinin onlayn B2B İCT forumda iştirak edən şirkətlərin təkliflərindən ibarət paket hazırlamaq və tanışlıq, həmçinin gələcək strategiyanın işlənməsi məqsədilə onu nazirliyə təqdim etmək təşəbbüsü ilə çıxış edib. Bundan əlavə, beynəlxalq sərgi və digər platformalarda irəli çəkmək məqsədilə nazirliyə Azərbaycan şirkətləri tərəfindən istehsal olunan rəqabətədavamlı İKT məhsulları təqdim etmək təklif olunub.

Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri adından COVİD-19 koronavirus pandemiyası dövründə sahibkarlara göstərilən fəal mövqeyə və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Hökumətinin iqtisadi bloku təmsil edən bütün nümayəndələrinə minnətdarlığını ifadə edib.

B2B forum – Beynəlxalq biznes-netvorkinq üçün Caspian European Club tərəfindən yaradılmış unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri qısa təqdimatlar keçirir, öz fəaliyyətləri barədə məlumat verir, bu sahələrin problemləri ilə bölüşür və onların həlli yollarını təklif edirlər.

Həftədə iki dəfə keçirilən onlayn B2B forumlar Azərbaycan, Gürcüstan, Qazaxıstan, həmçinin digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrindən olan şirkət rəhbərləri ilə qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr qurmaq üçün əlavə platformadır.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqu stimullaşdırmaqdan və onlarda iştirak etməkdən ibarətdir.  Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

 

EVENTS ARCHIVE